17-02-2023
Daim dəyişən dünyada risklər qaçılmazdır. Risklər həyatımızın bütün sahələrində bizi müşayiət edir, onlar insanın iqtisadi, siyasi və sosial fəaliyyətinin bir hissəsidir. Dünya maliyyə institutları risklərin idarə olunmasında müxtəlif vasitələr təklif edirlər. Lakin əminliklə demək olar ki, bu vasitələr arasında ən uğurla sınaqdan keçirilmiş, unikal alət sığorta mexanizmidir.
Sığorta xidmətləri sayəsində gözlənilməz risklər nəticəsində yaranan maliyyə itkilərini minimuma endirmək mümkündür. Beləliklə, sual yaranır: bu gün Azərbaycanda sığorta sektorunun vəziyyəti necədir?
2020-ci ildə Azərbaycan Mərkəzi Bankına sığorta sektoruna nəzarət və tənzimləmə missiyası həvalə olundu. Bundan sonra ölkənin sığorta sistemində əsaslı islahatlar başladı: sığorta savadlılığının artırılmasına, sığortaya inamın bərpasına yönəlmiş proseslər start götürdü, korporativ idarəetmə və maliyyə uçotunun beynəlxalq standartları tətbiq edilməyə başlandı. Bu islahatların nəticəsi inkişaf etmiş, maliyyə cəhətdən sabit və əhaliyə yüksək səviyyəli xidmət göstərən bir sığorta bazarı olmalıdır.
Bu işdə aktiv iştirakçı və tərəfdaş kimi Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) çıxış edir. 16 ildir fəaliyyət göstərən ASA-nın təsisçiləri 20 sığorta və 1 təkrarsığorta şirkətidir. ASA-nın əsas fəaliyyət istiqamətləri əhali arasında sığortanın təbliği, sığorta qanunvericiliyinin təkmilləşməsinə töhfə verən ən yaxşı beynəlxalq təcrübələrin öyrənilməsi və sığortaçılar arasında kadr potensialının artırılmasıdır.
2020-ci ildə dünya COVID-19 pandemiyasının girovuna çevrildi, qlobal iqtisadi tənəzzül başladı. Həmin il Azərbaycan 29 il ərzində tarixi torpaqlarımızı işğalda saxlayan erməni təcavüzkarlarına qarşı Vətən müharibəsinə başladı. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə biz torpaqlarımızı azad etdik, şərtsiz qalib gəldik və bununla yanaşı, əhalinin rifahını artırmağa yönəlmiş iqtisadi və sosial islahatları da uğurla həyata keçirdik. Həmin il Azərbaycan sığorta bazarında 7%-lik artım müşahidə edildi və yığılan ümumi sığorta haqları 729 milyon manat təşkil etdi. Mərkəzi Bankın səmərəli fəaliyyəti nəticəsində gözlənilən geriləmə baş vermədi, əksinə, sığorta bazarının uzunmüddətli və dayanıqlı artımının əsası qoyuldu. 2021-ci ildə bazar 15% böyüyərək 844 milyon manata, 2022-ci ildə isə daha 16% artaraq 970 milyon manata çatdı.
Artıq 2019-cu ildə Prezident İlham Əliyev əhalinin sığorta sahəsində maarifləndirilməsi təşəbbüsü ilə çıxış etmişdi. O, sığortanın məcburi deyil, faydalı bir alət kimi izah edilməsini, xalqın onun faydasını anlayaraq könüllü şəkildə sığortalanmağa başlamasını tövsiyə etmişdi. 2020-ci il pandemiya və nəzarət funksiyalarının Mərkəzi Banka verilməsi ilə yadda qaldı. 2021-ci ildə isə ölkədə ilk dəfə genişmiqyaslı sığorta təbliği kampaniyası başlandı. Mərkəzi Bank, ASA və İcbari Sığorta Bürosunun əməkdaşlığı ilə başlanan üçillik layihə çərçivəsində insanlara risklərin mahiyyəti, onlara necə düzgün yanaşmaq, sığortanın nə olduğu və gündəlik həyatda hansı sığorta məhsullarının faydalı ola biləcəyi izah edildi, məktəblilər və tələbələr arasında tədris işləri aparıldı. Layihə çərçivəsində sığorta mövzusunda 10 maarifləndirici videoçarx hazırlandı, onlarla banner küçələrdə yerləşdirildi, yüzlərlə sosial media paylaşımı edildi və nəticədə 5 milyondan çox vətəndaş məlumatlandırıldı.
2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası” təsdiq olundu. Bu sənəddə sığorta sektorunun artım hədəfi 10% səviyyəsində müəyyən edildi. Həmin il yerli sığorta bazarı 15% böyüyərək 1 milyard manata yaxın yığım əldə etdi və ilk dəfə olaraq sektorun ÜDM-də payı 1%-ə yüksəldi.
Son iki ildə ASA dövlət qurumları ilə əməkdaşlığı genişləndirib və Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Bakı Nəqliyyat Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Sosial Tədqiqatlar Mərkəzi ilə səmərəli iş aparıb. Bu təşəbbüs illərlə mövcud olan bəzi problemli məsələlərin həllinə şərait yaratdı.
ASA yaranan gündən keyfiyyətli sığorta təhsili təşkil etməyə çalışıb. 10-12 il əvvəl bəzi ali məktəblərdə sığorta fakültələri mövcud idi, lakin sonra fəaliyyətləri dayandırıldı. Bu gün ASA həmin sistematik təhsilin bərpası istiqamətində fəal iş aparır. Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti və ADA Universiteti ilə əməkdaşlıq müqavilələri bağlanıb. Bundan əlavə, artıq 2 ildən çoxdur ki, Türkiyə Sığorta İnstitutu (TSEV) ilə əməkdaşlıq davam edir. 2022-ci ilin sonunda bu institutla birlikdə aktuar peşəsi üzrə böyük tədris proqramı başlandı və 100-dən çox tələbə iştirak etdi. Layihə sığorta şirkətləri tərəfindən maliyyələşdirildi.
ASA beynəlxalq arenada da aktivdir. İlk dəfə 2020-ci ildə Türkiyə ilə sığorta sahəsində əməkdaşlıq quruldu, ASA və Türkiyə Sığorta Assosiasiyası arasında Memorandum imzalandı. 2021-ci ildə ASA Qlobal Sığorta Assosiasiyaları Federasiyasına və Insurance Europe təşkilatına üzv oldu. Elə həmin il ASA ilə Rusiya Sığortaçılar İttifaqı arasında əməkdaşlıq müqaviləsi imzalandı. Bu fəaliyyət beynəlxalq təcrübənin öyrənilməsinə və onun yerli bazara tətbiqinə imkan verir.
2022-ci il 24 may tarixində İstanbulda keçirilən “Sığorta Həftəsi” sammitində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan sığorta assosiasiyaları arasında Memorandum imzalandı və Türk Dünyası Sığortaçılar Birliyi yaradıldı. Onun əsas məqsədi kadr, təcrübə və informasiya mübadiləsi yolu ilə türk dilli ölkələrdə sığorta sektorunun davamlı inkişafını təmin etməkdir. Bu birlik yaxın gələcəkdə regionda sığorta siyasətini tənzimləyən mühüm mərkəzə çevriləcək.
Bu gün Azərbaycanın sığorta bazarı yeni simasını qazanır, yenilənir və beynəlxalq tendensiyalara uyğun inkişaf edir. Sığorta xidmətlərini əlçatan etmək, beynəlxalq standartlara uyğunlaşdırmaq, xidmət keyfiyyətini artırmaq və maliyyə sabitliyini təmin etmək Azərbaycan Mərkəzi Bankı və ASA üçün prioritetdir.\n\nSığorta bu günün və sabahın qaçılmaz reallığıdır. Sığortanın inkişafı iqtisadiyyatın inkişafıdır, iqtisadiyyatın inkişafı isə Azərbaycanın inkişafıdır.
Elmar Mirsalayev,\nAzərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru.
Ölkəmizdə sistemli əsaslarla tətbiq olunan və 2022-2026-ci illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası, həmçinin..
Sığorta sektoru hər bir ölkənin maliyyə təhlükəsizliyinin, iqtisadi sabitliyinin və sosial dayanıqlığının mühüm..