RU EN

Elmar Mirsalayev: «2023-cü il sığorta sektoru üçün yeniliklər və innovasiyalar ili oldu»

28-12-2023

Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev haqqin.az-a verdiyi xüsusi müsahibəsində 2023-cü ilin sığorta sektoruna təsirindən və gələn ildən gözləntilərdən danışıb.


– 2023-cü ilin sığorta sektoru üçün hansı nəticələrlə başa çatacağı gözlənilir? İlin əvvəlində verilən proqnozlar özünü doğrultdumu?

– Qürurla və tam əminliklə deyə bilərəm ki, yerli sığorta bazarı 2023-cü ildə də böyüməyə davam edir və inkişaf yolunda irəliləyir. Belə davamlı artım və inkişafın uğuru sığorta sektorunun bütün peşəkar iştirakçılarına, ilk növbədə isə nəzarətçi orqan – Azərbaycan Respublikası Mərkəzi Bankına məxsusdur. Bu artım və inkişaf meyillərini Mərkəzi Bankın mütəmadi açıqladığı statistik hesabatlarda da görmək mümkündür.

Azərbaycan sığorta tarixində ilk dəfə olaraq toplanan sığorta haqları 1 milyard manatı keçib.

Rəsmi statistikaya əsasən, yanvar-noyabr ayları ərzində sığorta bazarında 1 milyard 108 milyon 234 min manat həcmində sığorta haqqı yığılıb. Bu göstərici 2022-ci ilin eyni dövrü ilə müqayisədə 233,1 milyon manat çoxdur. Beləliklə, sığorta bazarının 26,6% böyüdüyünü deyə bilərik. Həmçinin 11 ayda ödənişlərin həcmi də artaraq 497,4 milyon manata çatıb, bu da ötən ildən 96,5 milyon manat çoxdur. Nəticələr göstərir ki, sığorta xidmətlərinə maraq sürətlə artır.

Ən sevindirici məqam odur ki, bu dövrdə bazarın böyüməsinə bütün sığorta növləri töhfə verib. Ən çox artım göstərən sahələr sırasında:

  • həyat sığortası (+102,1 mln manat),

  • icbari avtonəqliyyat məsuliyyət sığortası (+45,5 mln manat),

  • icbari əmlak sığortası (+23,5 mln manat),

  • könüllü əmlak sığortası, o cümlədən yanğın və digər risklərdən müdafiə (+13,3 mln manat),

  • istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığorta (+9 mln manat),

  • Kasko (+9 mln manat),

  • könüllü tibbi sığorta (+7 mln manat).


– 2023-cü il hansı islahatlarla yadda qaldı? Hansı yeniliklər sektora təkan verdi?

– İlin bütün dövründə islahatlar davam etdi. Mərkəzi Bankın uğurlu tənzimləmə və nəzarət siyasəti, həmçinin sektor iştirakçılarının fəal iştirakı bir çox yeniliklərin həyata keçirilməsinə imkan yaratdı.

Avtomobil sahibləri üçün icbari məsuliyyət sığortasının tam avtomatlaşdırılması başa çatdı. Artıq hər bir sürücü istənilən lisenziyalı sığorta şirkətinin rəsmi saytına daxil olaraq vaxt itirmədən onlayn qaydada sığortalanır. Bu, əhali üçün sığorta məhsullarının əlçatanlığını təmin edən ən mühüm islahatlardan biridir.

Əmlak sığortasında nəzarət mexanizmi yaradıldı. Uzun illər bu sahədə nəzarətin olmaması bazarın inkişafını məhdudlaşdırırdı. 1 iyun 2023-dən etibarən İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri üzrə Dövlət Xidməti ilə İcbari Sığorta Bürosu arasında elektron inteqrasiya başa çatdırıldı. Beləliklə, artıq əmlak sığortası üzrə bütün polisələr yalnız elektron formada verilir. Bu, çoxdan gözlənilən nəzarət mexanizminin tətbiqi deməkdir.

Sığortanın təbliği layihəsi davam edir. 2020-ci ildə Mərkəzi Bank, ASA və İcbari Sığorta Bürosu arasında imzalanmış memorandum əsasında 2021-ci ildən ölkə üzrə maarifləndirici kampaniya aparılır. İlk üçillik mərhələdə əhaliyə risklər və onların idarə olunması, sığortanın mahiyyəti izah edilib. 2023-cü ildə 360° marketinq strategiyası əsasında müxtəlif kanallarla insanlara sığortanın üstünlükləri çatdırıldı. Bu təşəbbüslərin nəticəsi kimi bazar 2021-ci ildə 16%, 2022-ci ildə 18%, 2023-cü ilin 11 ayında isə 26,6% artıb. Bu da layihənin vacibliyini və davam etdirilməsinin zəruriliyini göstərir.

Aktuar kadrların hazırlanması. Sığorta sahəsində ən vacib peşələrdən biri aktuardır. Bu ixtisas dünyada böyük tələbat görür. Tələbatı qarşılamaq üçün Mərkəzi Bank və ASA, Türkiyə Sığorta İnstitutu ilə birlikdə “Aktuarların İnkişaf Proqramı”nı həyata keçirir. Təlimi bitirən gənc aktuarlara sığorta şirkətlərində iş imkanı yaradılacaq. Paralel olaraq ASA-nın Tədris Mərkəzi bu il 10-dan çox peşəkar təlim təşkil edib.

Banklarla yeni əməkdaşlıq platforması quruldu. ASA və Azərbaycan Banklar Assosiasiyasının ortaq təşəbbüsü nəticəsində müştərilərin həyat, sağlamlıq və əmlak risklərinə qarşı qorunmasını gücləndirən yeni sığorta məhsullarının hazırlanmasına başlanıldı.

Bundan başqa, ölkədə ilk dəfə Sığorta festivalı keçirildi. Bakı daxil olmaqla 10 böyük şəhərdə təşkil olunan festivalda əhali oyunlar, müsabiqələr və musiqili proqramlar vasitəsilə maarifləndirildi. Təcrübə göstərdi ki, belə festivallar əhalinin məlumatlandırılması üçün çox səmərəlidir.


– 2024-cü ildə hansı beynəlxalq təşəbbüslər gözlənilir?

– 2019-cu ilə qədər Azərbaycanda hər il beynəlxalq sığorta forumu keçirilirdi. Pandemiya səbəbindən bu ənənə dayandırıldı. 2024-cü ildə Azərbaycan Beynəlxalq Sığorta Forumunu bərpa etməyi planlaşdırırıq. Bunun sayəsində yerli şirkətlərin qlobal sığorta bazarı ilə əlaqələri genişlənəcək.

Türk Dünyası Sığortaçılar Birliyinin təşəbbüsü də uğurla davam edir. 2022-ci ildə İstanbulda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın sığorta assosiasiyaları birlik yaratdı. 2023-cü ildə Türk Dövlətləri Təşkilatı bu birliyi öz himayəsinə götürmək təşəbbüsü ilə çıxış etdi. Artıq müşahidəçi ölkələrin – Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının – də bu birliyə müşahidəçi qismində qoşulması müzakirə edilir.

ASA həmçinin Rusiya Sığortaçılar İttifaqı ilə də əməkdaşlığı davam etdirir. Yerli sığortaçılar Türkiyə və Rusiyaya səfərlər edərək avtomobil sığortasında birbaşa zərərin ödənilməsi praktikasını öyrəniblər.


– Cari ilin sonu və 2024-cü ildən gözləntiləriniz nələrdir?

– 2023-cü ili çox uğurlu nəticələrlə başa vururuq. İlin yekununda sığorta yığımlarının 28% artacağı gözlənilir. Bununla da sığorta haqlarının ÜDM-də payı 1%-i ötəcək. Həm yığımların 1 milyard manatı keçməsi, həm də ÜDM-də payın 1%-dən çox olması Azərbaycan sığorta bazarı üçün tarixi hadisədir.

Əminliklə deyə bilərəm ki, 2020-ci ildən bəri müşahidə olunan artım meyli 2024-cü ildə də davam edəcək. Çünki Mərkəzi Bank və ASA uzunmüddətli inkişaf istiqamətlərini artıq müəyyən edib.

Unutmayaq ki, sığorta bütün dünya kimi Azərbaycanda da dəyişməz bir həqiqətdir. Sığorta insanları daha məsuliyyətli edən bir mədəniyyətdir. Sığorta risklərə qarşı sağlam düşüncədir. Güclü sığorta – güclü iqtisadiyyat deməkdir, güclü iqtisadiyyat isə güclü dövlət deməkdir.

Son xəbərlər

Sığorta sektoru davamlı inkişafı fəal dəstəkləyir

Ölkəmizdə sistemli əsaslarla tətbiq olunan və 2022-2026-ci illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası, həmçinin..

07-02-2026

Sığortalı cəmiyyət, dayanıqlı gələcək...

Sığorta sektoru hər bir ölkənin maliyyə təhlükəsizliyinin, iqtisadi sabitliyinin və sosial dayanıqlığının mühüm..

01-07-2025