RU EN

Əmlakın yanğından və digər risklərdən sığortası

Əmlakın yanğından və digər risklərdən sığortası əmlakın, onun ərazisində və (və ya) içərisində yerləşən başqa əşyalarla birlikdə, yaxud ayrılıqda yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə zərərlərin əvəzinin tam və ya qismən ödənilməsini nəzərdə tutur. Yanğından sığorta binalara və onların içindəkilərə yanğın, ildırım, qızdırmaq və bişirmək kimi məişət məqsədləri üçün istifadə olunan qazın və ya buxar qazanlarının partlaması nəticəsində dəyən zərərlər üzrə riskləri əhatə edir. Belə risklər həm evlərdə, həm də kommersiya və istehsalat məqsədləri üçün istifadə edilən bina və tikililərdə baş verə biləcək hadisələri ehtiva edir. Yuxarıda sadalanan yanğınla bağlı riskləri əhatə edən standart sığorta müqaviləsi üzrə verilən təminat əlavə sığorta haqqı müqabilində digər risklərdən təminatla da genişləndirilə bilər. Məsələn, əgər siz partlayış (buxar qazanı və bu kimi səbəblərdən olmayan), qiyam, insanların qərəzli hərəkətləri, zəlzələ, nəqliyyat vasitələrinin və digər kənar predmetlərin təsiri, tufan, daşqın, boru partlayışı, su sızması, oğurluq və digər bu kimi səbəblərdən də əmlakınıza dəyən zərərlərə təminat verilməsini istəyirsinizsə, standart sığorta şəhadətnaməsi üçün ödəyəcəyinizdən daha yüksək məbləğdə sığorta haqqı ödəməli olacaqsınız. Əmlakın oğurluq riskindən sığortalanması halında o zaman sığorta ödənişi verilir ki, əmlak bütün təhlükəsizlik tədbirlərinə əməl edilməsinə baxmayaraq oğurlanmış olsun. Yəni evin qapısını bağlamağı unudan şəxs oğurluq baş verdiyi halda ödəniş ala bilməyəcək. Bu o deməkdir ki, oğurluğun sığorta hadisəsi hesab olunması üçün sığortalanan obyektlərə giriş və ya çıxış zorakı vasitələrlə edilmiş olsun, oğru məkana daxil olmaq üçün təhlükəsizlik vasitələrini dəf etməli olsun. Yanğın və oğurluq təminatlarında itki və ya zərər konkret bir riskin - yanğın və ya oğurluğun reallaşmasının nəticəsi olmalıdır. Lakin əmlakın zərər çəkə biləcəyi başqa hallar da ola bilər. Sığortalanmış əmlak qəfildən düşə bilər, vurula bilər və ya sadəcə itə bilər. Belə hallar üçün əmlakın bütün risklərdən sığortası təminatı da təklif olunur. Bu təminatda əmlak istənilən itkidən və ya zərərdən (o cümlədən yanğın və oğurluqdan) sığorta edilir