Türkiyənin Qaziantep şəhərində Türk Dünyası Sığorta Birliyinin 2-ci Assambleyası öz işinə başlayıb.
ASA-dan verilən məlumata görə, Türkiyə Sığorta Birliyinin təşkilatçılığı ilə baş tutan Assambleyada Azərbaycan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasının sığorta sektoru üzrə tənzimləyici orqanlarının, habelə, sığorta assosiasiyalarının rəhbərlikləri və müxtəlif ölkələrin sığorta bazarı təmsilçiləri iştirak edirlər.
Türkiyə Sığorta Birliyinin sədri Ahmet Yaşar, Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının və Türk Dünyası Sığorta Birliyinin sədri Ülviyyə Cabbarova, Türkiyənin Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Qurumunun sədri Davut Menteş və Qaziantep Bələdiyyə başçısı Fatma Şahin Assambleyanın rəsmi hissəsində çıxış ediblər.
Məlumatda bildirilir ki, Türk Dünyası Sığorta Birliyinin 2-ci Assambleyasında Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Vüsal Qurbanov, Qırğız Respublikası İqtisadiyyat və Ticarət Nazirliyinin nəzdində Maliyyə Bazarlarının Tənzimlənməsi və Nəzarəti Xidmətinin Sığorta Fəaliyyətinin Tənzimlənməsi Şöbəsinin müdiri Tahmina Kamçıbekova, Türkiyənin Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Qurumunun sədrinin müavini Barış Taşkesen, Özbəkistan Sığorta Bazarının İnkişafı və Rəqəmsallaşdırılması İdarəsinin rəisi Şukrat Abduraxmanov və Şimali Kipr Türk Respublikasının Maliyyə Nazirliyinin şöbə müdirinin müavini Zafer Arifoğlunun iştirakı ilə "Yeni Qlobal Risklər Kontekstində Türk Dünyası: Sığorta Tənzimlənməsində Uzlaşma, Dayanıqlıq və Ortaq Gələcək" mövzusunda, həmçinin, Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli, Qırğızıstan Sığortaçılar Assosiasiyasının sədri Ulan Baktıqulov, Türkiyə Sığorta Birliyinin sədri Ahmet Yaşar, Özbəkistan Peşəkar Sığorta Bazarı İştirakçıları Assosiasiyasının Direktorlar Şurasının üzvü Rüstəm Azimov və Şimali Kipr Sığorta və Təkrarsığorta Şirkətləri Birliyinin sədri Börte Barlasoğlunun iştirak ilə "2030-cu ilədək Türk Dünyasının Sığorta Bazarı: Ortaq Risklər, Ortaq Potensial, Ortaq Gələcək" adlı panel müzakirələri təşkil olunub.
Assambleya çərçivəsində Türk Dünyası Sığorta Birliyinin yeni sədrinin və yeni baş katibinin seçilməsi üçün səsvermə də keçiriləcək, o cümlədən, Birliyin 3-cü Assambleyanın təşkil olunacağı ölkə müəyyən ediləcək.
Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyinin Azərbaycanın Şuşa şəhərində keçirilmiş 1-ci Assambleyasında qəbul olunmuş ortaq qərara əsasən 2-ci Asaambleya bu il Türkiyədə keçirilir. Assambleyanın Qaziantep şəhərində keçirilməsinin isə başlıca məqsədi 2023-cü ildə bu ərazidə baş vermiş və böyük danıtılara səbəb olmuş zəlzələ hadisəsinə istinadən dünyaya riskin mesajını verməkdən ibarətdir.